Şağan Olimpiya İdman Kompleksi
Şağan Olimpiya İdman Kompleksi 2009-cu il dekabrın 25-də istifadəyə verilib. Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən kompleks 3,25 hektar ərazidə inşa edilib. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.
Kompleksin universal idman zalında idmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək şərait var və bu zaldakı tribunada 620 oturacaq quraşdırılıb.
İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zalda isə 615 tamaşaçı yeri quraşdırılıb. Kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək də mümkündür.
Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir.
Qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusda uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 135 oturacaq quraşdırılıb. Korpusun inzibati hissəsi ikimərtəbəlidir. İkinci mərtəbədə məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar vardır.
Kompleksin ərazisində inşa olunmuş ikimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standart və bir lüks otaq vardır.
Açıq havada tennis kortları, mini futbol və voleybol meydançaları yaradılıb.
Kompleksin ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadionda idmançılar, məşqçilər və xidmət heyəti üçün hər cür şəraiti olan pavilyon vardır.

Ünvan: Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, 1a.
Telefon: 012-459-69-21

Xəbər 4507 dəfə oxundu.